Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında "Orqan donorluğu: hüquqi və tibbi əsaslar" mövzusunda maarifləndirici tədbir keçirilib. Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev çıxışında beyin ölümünün tibbi mahiyyəti, diagnostika prinsipləri barədə məlumat verərək reanimasiya şöbələrinin və intensiv terapiya komandalarının bu prosesdə üzərinə düşən peşəkar və etik məsuliyyəti vurğulayıb.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova vahid informasiya sisteminin tətbiqi və donor-resipient uyğunlaşdırılmasında şəffaf mexanizmlərin əhəmiyyətini qeyd edib. O, intensiv terapiya mütəxəssislərinə müraciətlə bildirib ki, həkimlərin əsas missiyası insan həyatını qorumaqdır. Yaşatma mümkün olmadıqda isə beyin ölümü diaqnozu təsdiqlənmiş pasiyentlərin orqanlarının başqa insanlara həyat bəxş edə biləcəyini unutmamaq, bu prosesin hər mərhələsində peşəkarlıq və həssaslıqla hərəkət etmək lazımdır.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova beyin ölümünün tibbi meyarları və diaqnostikası barədə danışıb, beynəlxalq praktikalara uyğun testlər, klinik qiymətləndirmə parametrləri və süni nəfəs aparatlarının rolu haqqında məlumat verib.
Mərkəzin həkim- koordinatoru Mehriban Əliyeva orqan donorluğunun mənəvi-etik tərəflərinə toxunaraq vurğulayıb ki, bir donor bəzən bir neçə insanın həyatını xilas edir və ümidsiz ailələrə yenidən inam bəxş edir. Orqan gözləmə qeydiyyatında olan, hazırda dializ müalicəsi alan Xədicə Çıraqova tədbirdə çıxış edərək, "Mən də yaşamaq istəyirəm, mən də böyrək nəqli olunaraq normal həyata qayıtmaq istəyirəm" sözləri ilə dializ xəstələrinin yaşadığı ağrı-acını və ümidi dilə gətirib.
Daha sonra klinikanın həkimləri və tibb işçiləri ölümdən sonra donor olmaq üçün rəsmi razılıq ərizələrini imzalayıblar. Bu addım tibb ictimaiyyətinin şəxsi nümunə ilə donorluq mədəniyyətinin təşviqinə verdiyi dəstəyi nümayiş etdirib.